REGİONLAR
Sumqayıtda Beynəlxalq Əlillər Günü qeyd edilib
Sumqayıt, 3 dekabr, AZƏRTAC
Sumqayıtda 3 Dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Qeyd olunub ki, insan amilini xüsusi diqqətdə saxlayan Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı hazırlanan Dövlət Proqramında əlilliyin qarşısının alınması, onların reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.
T.Səmədov vurğulayıb ki, əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb.
Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə çıxış edərək Prezidenti İlham Əliyevin əlillərə göstərdiyi diqqət və qayğıdan danışıb, bu istiqamətdə Sumqayıt şəhərində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbir bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə süfrə arxasında davam edib.