REGİONLAR


Sumqayıtda “İslam həmrəyliyinin Azərbaycan modeli” müzakirə olunub

Sumqayıt, 24 may, Ətrabə Rzayeva, AZƏRTAC

Mayın 24-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin konfrans zalında “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “İslam Həmrəyliyi İli” çərçivəsində şəhər Təhsil Şöbəsinin təşkil etdiyi konfransı şöbənin müdiri Nizami Namazov açaraq, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu Oyunlar müsəlman ölkələrini idman vasitəsilə bir araya gətirərək, onları ətrafında birləşdirir.

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını çox yüksək səviyyədə təşkil etdiyini söyləyən N.Namazov bildirib ki, Oyunların keçirilməsində əsas məqsəd müsəlman xalqları arasında həmrəyliyin və yaxınlığın əldə edilməsidir. Diqqətə çatdırılıb ki, “Bakı-2017” Oyunlarında 50-dən çox ölkə iştirak edib. İdmançılarımız 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Əldə edilən nailiyyətlər Azərbaycanın dünya miqyasında güclü idman dövləti kimi tanındığına bariz nümunədir.

Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov vurğulayıb ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin qarşısında böyük imkanlar açır. “Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir, beynəlxalq qurumların hesabatında islahatlar ölkəsi kimi yer tutur, dünyanın nüfuzlu təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul edir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bizi daha uğurlu gələcəyə aparır”, - deyə o qeyd edib.

T.Səmədov çıxışında Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri barədə də məlumat verib.

Konfransda çıxış edən Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər bölməsinin nümayəndəsi Ülvi Məmmədov və digərləri milli-mənəvi dəyərlərimizin qorunması sahəsində dövlətimizin apardığı məqsədyönlü tədbirlərdən söhbət açıblar. Bildirilib ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir və gənc nəslin sağlam ruhda formalaşmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.