REGİONLAR
Sumqayıtda “Murov qartalı” kitabının təqdimatı olub VİDEO
Sumqayıt, 3 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında yəqin ki, hələ çox kitablar yazılacaq, filmlər çəkiləcək. Çünki bu Vətən övladlarının şərəfli və ibrətamiz həyat hekayələrinin xalqımızın yeni nəsillərinin hərbi-vətənpərvərlik tərbiyəsində təsirli rol oynayacağı şəksizdir.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı-komandir, polkovnik-leytenant Raquf Orucovdan bəhs edən filmin və “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib. Şəhər rəhbərliyi, Milli Məclisin deputatları, əfsanəvi kəşfiyyatçının döyüş yoldaşları, ailə üzvləri və hərbiçilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra polkovnik-leytenant Raquf Orucovun keçdiyi şərəfli ömür yolundan bəhs edən film nümayiş olunub. Şəhid qəhrəmanın kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirməsini əks etdirən videoçəkilişlər əsasında hazırlanan film tədbir iştirakçılarına dərin təsir bağışlayıb. 1972-ci ildə Ağdam rayonunun Çilli kəndində doğulan Raquf İbrahim oğlu Orucovun kəşfiyyatçı bioqrafiyasında mühüm yer tutan hadisələrdən biri də on bir nəfərlik qrupla düşmən arxasına keçərək, 3 ermənini əsir götürüb sağ-salamat geri qayıtması olub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov qeyd edib ki, kəşfiyyatçı Vətənini, torpağını, xalqını hədsiz dərəcədə sevən, hər cür fədakarlığa hazır olan qəhrəmandır. Bu xüsusiyyətlər məhz Raquf Orucovda cəmlənmişdi. Vətən belə oğulları ilə daim fəxr edib.
Təqdimat mərasimində “Azİmport” MMC-nin sponsorluğu ilə işıq üzü görən “Murov qartalı” kitabının müəllifləri Elşən Əliyev və Elxan Salahov çıxış edərək şəhid kəşfiyyatçının şərəfli döyüş yolundan bəhs edən kitabın ərsəyə gəlməsindən danışıblar. Bildirilib ki, nəşrdə həmçinin polkovnik Raquf Orucovun döyüş yoldaşlarının xatirələri, mətbuatda onun haqqında dərc olunmuş oçerklər də yer alıb.
Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, aprel döyüşləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, Azərbaycanın güclü dövlət olduğunu, onun güclü Ordu qurduğunu təsdiqlədi. Silahlı Qüvvələrimiz müasir texnika, hərbi sursatla təchiz olunub və regionun ən güclü ordusuna çevrilib. Xalqımız əmindir ki, Azərbaycan Ordusu işğal altındakı bütün torpaqlarımızı düşməndən təmizləyəcək, apreldə qazanılmış qələbələri davam etdirərək üçrəngli bayrağımızı Qarabağın hər guşəsində dalğalandıracaq.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Raquf Orucovun komandiri olmuş general-mayor Fəxrəddin Cəbrayılov, igid kəşfiyyatçının döyüş yoldaşı, ehtiyatda olan kapitan Rasim Fərşidov çıxış edərək hərb tariximizə qəhrəmanlıq və igidlik nümunəsi kimi daxil olan aprel döyüşlərində Milli Ordunun göstərdiyi rəşadətdən, həmin hadisələrdə zabit və əsgərlərin mərdlik və cəsurluq nümunəsindən danışıblar. Qeyd olunub ki, “Murov qartalı” kitabı aprel şəhidləri haqqında ilk irihəcmli nəşr kimi Raquf Orucovun döyüş yolu barədə oxucularda, xüsusilə də gənclərdə Vətən müdafiəçisinin tam və dolğun obrazını yaradır.
Digər çıxış edənlər də şəhid polkovnikin keçdiyi şərəfli döyüş yolundan, uğurlu kəşfiyyat əməliyyatlarından, göstərdiyi qəhrəmanlıqdan söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Qəhrəmanın yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq hisslərini ifadə ediblər.
Mərasimin sonunda Sumqayıt Dövlət Dram Teatrının aktyorları və gənc müğənnilərin ifasında vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri səsləndirilib. Tanınmış hərbi diktor Şəmistan Əlizamanlı vətənpərvərlik mahnıları ifa edib.
Xatırladaq ki, Raquf Orucov Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn olunub.