REGİONLAR
Sumqayıtda SOCAR-ın müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağı istifadəyə verilib
Sumqayıt, 14 iyun, Ə.Rzayeva, AZƏRTAC
İyunun 14-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Sumqayıt Təlim-Tədris Mərkəzində müasir texnologiyalarına görə dünyada tanınan “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılış mərasimi keçirilib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, TTSİ-nin rəisi Fuad Süleymanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci katibi Usui, “Yokogawa” şirkətinin Rusiya nümayəndəliyinin Baş direktoru Vladimir Saveliyevin başçılığı ilə nümayəndə heyəti tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, tanışlıq zamanı təlim otağında yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, müvafiq avadanlıqlarla təchiz olunan otaq avtomatik idarəetmə sistemləri üzrə təlimlərin aparılması, proqram təminatı, həmçinin CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub.
Təlimlərdə “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun bu sistemin 2013-cü ildən bəri tətbiq olunduğu Buxar Generator Kompleksində, modernizasiya işləri çərçivəsində “Yokogawa” şirkəti tərəfindən “EP-300” qurğusunda quraşdırılacaq idarəetmə sistemlərində, həmçinin Heydər Əliyev adına Bakı neft emalı zavodunun bitum qurğusunda, “SOCAR-Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen qurğularında çalışacaq mühəndislər və operatorlar iştirak edəcəklər.
Bu təlim otağının yaradılmasında əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət-ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqinə nail olmaq və yerli mütəxəssislərin bu sahə üzrə biliklərini gücləndirməkdir.