RƏSMİ XRONİKA


Sumqayıtda Şahmat Məktəbi istifadəyə verilib VİDEO

A+ A

Sumqayıt, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir.

Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış oldu.

Uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələrini təmin etmək üçün məktəbdə hər cür şərait yaradılıb. Burada dərslərin yüksək səviyyədə keçirilməsinə imkan verən əsas yarış zalı, altı tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var.

Dövlətimizin başçısı burada bu məktəbin yetirmələri olan Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvləri Zeynəb və Türkan Məmmədyarova bacıları ilə görüşdü.

Azərbaycan Prezidenti balaca şahmatçılara da uğurlar arzuladı.

Qeyd edildi ki, burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi də mövcuddur. Bu da dərslərin innovativ vasitələrin köməyi ilə keçirilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Məktəbdə şahmat üzrə 43 dərnək fəaliyyət göstərəcək. Həmin dərnəklərdə 520 nəfərin məşğul olması üçün hərtərəfli imkan yaradılıb.

Sonda xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır