REGİONLAR
Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun şəhər seçim turuna yekun vurulub
Sumqayıt, 18 aprel, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının şəhər üzrə seçim turuna yekun vurulub.
Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov iştirakçı komandaları salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışıb. Qeyd edilib ki, çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 13 komanda iştirak edib. Gərgin və maraqlı keçən bilik yarışının sonunda I yerə Baş İdarə nəzdində Sumqayıt İntellektual Mərkəzinin “Eldorado”, II yerə “Kaspi”, III yerə isə Sumqayıt Gənclər Evinin “Gənclik” komandaları layiq görülüb. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, ilk dördlüyə layiq görülən “Eldorado”, “Kaspi”, “Gənclik” və “Qriffindor” komandaları aprelin 22-də təşkil ediləcək oyunların “Abşeron zonası” üzrə seçim turunda Sumqayıtı təmsil etmək hüququ qazanıblar.