REGİONLAR
Sumqayıtda Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək şəhər idmançıları ilə görüş keçirilib
Sumqayıt, 22 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
İyulun 22-də Sumqayıt Şəhər İcra Hakimiyyətində Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançılarının yolasalma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimindən əvvəl şəhər rəhbərliyi XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançıları Elvin Məmişzadə (boks), İlham Zəkiyev, Rövşən Səfərov, Səbinə Abdullayeva (cüdo), Elşən Hüseynov (poverliftinq) və onların məşqçiləri ilə görüşüb.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində qısa vaxtda Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri, o cümlədən bədən tərbiyəsi və idman sahəsinin inkişafı istiqamətində görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər haqqında geniş məlumat verib. İstər sovet dövründə, istərsə də müstəqillik illərində sumqayıtlı idmançıların ayrı-ayrı idman növləri üzrə milli yığma komandaların tərkibində beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qaldıqlarını vurğulayan Z.Fərəcov Braziliyada təşkil ediləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında onlara uğurlar arzulayıb.
Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev, Əməkdar Məşqçi Yengibar Əliyev diqqət və qayğıya görə idmançılar və məşqçilər adından minnətdarlıqlarını bildiriblər.
İdmançılar və onların məşqçilərinin hər birinə hədiyyə təqdim edilib, xatirə şəkili çəkdirilib.
Daha sonra idmançılar və onların məşqçiləri şəhərdə yeni inşa edilən Heydər Əliyev Mərkəzi, Şahmat və Musiqi məktəbləri, dənizkənarı yeni bulvar və Sahil parkında tikinti-abadlıq işləri ilə tanış olublar.