CƏMİYYƏT
Sumqayıtda baş verən yanğında 15 nəfər xilas edilib YENİLƏNİB
Bakı, 6 avqust, AZƏRTAC
Sumqayıt şəhərində ümumi sahəsi 4420 kvadratmetr olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 kvadratmetr sahədə və 15 otağın giriş qapıları yanıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
22:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin dövlət yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.