REGİONLAR
Sumqayıtda bayram şənliyi təşkil olunub
Sumqayıt, 30 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 29-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, veteranlar, ictimayət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bayram tədbiri 2016-cı ildə Sumqayıtda görülən işləri, əldə olunan nailiyyətləri, həyata keçirilən irimiqyaslı layihələri əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən, bu günün təsis olunmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən Z.Fərəcov 2016-cı ilin Sumqayıt üçün də uğurlu olduğunu vurğulayıb. O, 2017-ci ildə şəhərdə həyata keçiriləcək layihələr haqqında məlumat verərək, Sumqayıt sakinlərinə firavan həyat arzulayıb.
Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənənlərə icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Bayram şənliyində respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Sonda Sumqayıt bulvar kompleksində atəşfəşanlıq təşkil olunub.