CƏMİYYƏT
Sumqayıtda gənc könüllülər mükafatlandırılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Sumqayıt Gənclər Evi”ndə bədii-əyləncəli tədbir keçirilib. Tədbirə yeni salınan Dənizkənarı Bulvarda “Sumqayıt evimizdir, evimizi təmiz saxlayaq” devizi altında təşkil olunmuş təmizlik aksiyasında və Gənclər Evinin may–avqust aylarında elan etdiyi könüllülük fəaliyyətində iştirak etmiş könüllülər, şəhərin idarə, müəssisə, qeyri-hökumət gənclər təşkilatlarından ictimai-fəallar qatılıblar.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışıb. M.Bəşirov digər sahələr kimi, bu sahənin də daim şəhər rəhbərliyinin diqqət mərkəzində olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bədii hissədə təmizlik aksiyalarında çəkilmiş fotolardan ibarət videoçarx nümayiş olunub, Gənclər Evinin rəqs, gitara dərnəyi üzvlərinin və könüllülərin hazırladığı maraqlı musiqi nümunələri təqdim edilib.
Sonda gənclərə Baş İdarənin könüllülük sertifikatları və xatirə hədiyyələri təqdim olunub.