CƏMİYYƏT
Sumqayıtda keçirilmiş əmək yarmarkasında 620 iş yeri təqdim olunub
Sumqayıt, 21 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bu gün ölkəmizdə yeni iş yerlərinin yaradılması dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasətə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mütəmadi əmək yarmarkalarının təşkili artıq ənənə halını alıb.
AZƏRTAC xəbər verir ki, növbəti əmək yarmarkası noyabr 21-də Sumqayıt Dövlət Universitetində keçirilib. Yarmarkada Sumqayıt şəhərində fəaliyyət göstərən 37 müəssisə tərəfindən 620 iş yeri təqdim olunub. Şəhərin iri müəssisələri - Sumqayıt Texnologiyalar Parkı, “Gilan” Tekstil Parkı, “Bismak” Qida-Sənaye Kompleksi, “BASF” Kimya Şirkəti, “İntertextile” ASC yarmarkada iştirak ediblər.
ƏƏSMN-in və BMT İnkişaf Proqramının əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində 2013-cü ilin sentyabr ayında SYSLAB Sumqayıt Mərkəzi fəaliyyətə başlayıb. Sumqayıt Dövlət Universitetinin məzunları və sonuncu kurs tələbələri layihə və mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar. Layihədə iştirak etmək istəyən gənclərin CV-ləri qəbul edilib.
Qeyd edək ki, vətəndaşların əmək bazarına inteqrasiyası baxımından aktiv məşğulluq tədbirlərinin keçirilməsi məşğulluq xidməti orqanları qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib. Təcrübə göstərir ki, bu tədbirlər vətəndaşların işlə təmin edilməsində böyük səmərə verir.