REGİONLAR


Sumqayıtda magistrantların XVII Respublika elmi konfransı işə başlayıb VİDEO

Sumqayıt, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC

Mayın 11-də Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən magistrantların XVII Respublika elmi konfransı işə başlayıb. Konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin rektor, prorektor, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi rəhbərə dərin ehtiramlarını bildiriblər.

Konfransın plenar iclasına sədrlik edən rektor, professor Elxan Hüseynov ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və hər il ənənəvi olaraq Təhsil Nazirliyinin xətti ilə keçirilən magistrantların Respublika elmi konfransının önəmindən danışıb, Ulu Öndərin dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən bəhs edib.

Bildirilib ki, konfransda iştirak edənlərin sayı ildən-ilə artır. Əgər 2014-cü ildə XIV Respublika elmi konfransında 15 ali məktəbdən 770 nəfərdən çox magistrant iştirak etmişdisə, builki konfransa 16 ali məktəbdən 1400-ə yaxın məruzə daxil olub.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək, konfransın gənc tədqiqatçıların elmi tədqiqat işlərinə maraqlarının daha da artmasına töhfə verdiyini vurğulayıb, magistrantları dünya elminə inteqrasiya etməyə, daim axtarışlar apararaq elmi potensiallarını gücləndirməyə çağırıblar.

Sonra magistrantlar hazırladıqları mövzular və təmsil etdikləri ali təhsil ocaqlarının elmi fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər.

Təqdim olunmuş tezislər üç cildli məcmuə şəklində çap olunub.

Konfrans işini sabah bölmə iclaslarında davam etdirəcək. Sonda maraqlı mövzularla çıxış edən və fəallıq nümayiş etdirən magistrantlar Sumqayıt Dövlət Universitetinin diplomu və hədiyyələri ilə təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.