REGİONLAR
Sumqayıtda növbəti satış-yarmarkası təşkil edilib VİDEO
Sumqayıt, 14 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı növbəti satış-yarmarkaları şəhərdə sakinlərin istəyi nəzərə alınaraq 3 yerdə - 12-ci mikrorayon, 42-ci məhəllə və “Köhnə avtovağzal” adlanan ərazidə təşkil olunub. Həftənin şənbə və bazar günləri təşkil olunan yarmarkada satışa 500 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar laboratoriyalarla təmin olunub. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazarlardakılardan 25-30 faiz ucuzdur.
Şəhər sakinləri çoxçeşidli kənd təsərrüfatı məhsullarını həvəslə alıblar, məhsulların keyfiyyətinə və qiymətin ucuz olmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Şəhər icra hakimiyyətindən bildiriblər ki, hüquq mühafizə orqanlarının və digər ictimai qurumların nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb, şəhər ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilib, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunub, aşkar edilmiş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılıb.