REGİONLAR
Sumqayıtda növbəti xeyriyyə aksiyasına start verilib
Sumqayıt, 17 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda “Mərhəmətli olmağa tələsin!” devizi ilə ənənəvi keçirilən xeyriyyə aksiyasına start verilib. Aksiya “Azərkimya” İstehsalat Birliyi (İB) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı tərəfindən keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada “Azərkimya” İB-nin struktur bölmələri ilə yanaşı, Sumqayıtda yerləşən idarə, müəssisə, bank və sığorta şirkətlərinin rəhbərləri, dövlət və özəl klinikaların baş həkimləri, icra hakimiyyətinin və şəhər bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Aztəminatlı ailələrin uşaqlarının isti qış geyimləri ilə təmin olunması məqsədilə keçirilən aksiya 15 gün davam edəcək. Aksiya zamanı toplanılan paltarlar və digər vəsaitlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı tərəfindən ehtiyacı olan uşaqlara paylanılacaq.