CƏMİYYƏT


Sumqayıtda psixi sağlamlıq bölməsində 69 uşaq qeydiyyata alınıb

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Sumqayıt şəhər 5 nömrəli uşaq poliklinikasının nəzdində yaradılmış psixi sağlamlıq bölməsində artıq 69 uşaq (41 uşaq Sumqayıt şəhərindən, 21 uşaq Abşeron rayonundan, 7 uşaq isə Xızı və Siyəzən rayonlarından) göndərişlərə əsasən qeydiyyata alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə psixi sağlamlıq bölməsində valideynlərlə təşkil edilmiş görüşdə məlumat verilib. Valideynlər bölmənin işi ilə tanış olublar və onlara uşaqlarda psixi sağlamlığın bərpası barədə geniş izahat verilib. Uşaqlarda psixi sağlamlığın bərpasında həkim-psixiatr, psixoloq və loqopedin valideynlə birgə iş aparmasının rolu qeyd edilib.

Autizm spektrli pozuntuları olan uşaqların valideynləri çıxış edərək əvvəllər psixi sağlamlıq bölmələrinin yalnız özəl təşkilatlar tərəfindən yaradıldığını və ailələr üçün belə xidmətin maddi çətinliklər yaratmasını qeyd ediblər. Onlar hazırda uşaq poliklinikasının nəzdində hər cür şəraiti olan belə psixi sağlamlıq bölməsinin təşkil olunmasına görə Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildiriblər.

Sonda bölmənin əməkdaşları tərəfindən görüşdə iştirak edən valideynlərin sualları cavablandırılıb.

Qeyd edək ki, bölmə Sumqayıt şəhərində, Abşeron, Siyəzən, Qobustan və Xızı rayonlarında yaşayan psixi sağlamlığı məhdud uşaqlara psixi sağlamlığın bərpası xidmətini göstərir. Bölmədə psixi sağlamıq xidmətinin keyfiyyətli aparılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi üçün hər cür şərait yaradılıb. Bölmədə çalışan həkim-psixiatr, psixoloq, loqoped, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçı Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində təşkil edilmiş təlim və təcrübə proqramında uşaq və yeniyetmələr üçün psixi sağlamlıq xidmətlərində yeni yanaşmalar və üsullara yiyələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.