İDMAN


Sumqayıtda respublikada ilk dəfə “Uşaq Paralimpiya İdman Festivalı” keçirilmişdir

Sumqayıt, 26 dekabr (AzərTAc). Bu gün Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsi (AMPK) ilə BMT–nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyi (UNİCEF) arasında imzalanmış Memorandum çərçivəsində ölkəmizdə ilk dəfə “Uşaq Paralimpiya İdman Festivalı” keçirilmişdir.
AzərTAc xəbər verir ki, festivalı giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədri Natiq Qasımov ölkəmizdə paralimpiya hərəkatının inkişafı, bu sahəyə olan dövlət qayğısı, Uşaq Paralimpiya hərəkatının yaradılması haqqında danışmışdır. Qeyd etmişdir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycanda Uşaq Paralimpiya Hərəkatının təşviqi məqsədi ilə təbliğat işlərinin aparılması və sağlamlıq imkanları məhdud uşaqları cəlb etməklə, onların reabilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyalarını təmin edilməsinə şəraitin yaradılması, eyni zamanda, əlil idmanı və paralimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə, fiziki qüsurlu gəncləri, xüsusən uşaqları Paralimpiya Hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
Festivalda UNİCEF–in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Raşid Mustafa və “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi”nin sədri, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü Gülarə Teymurova UNİCEF–lə AMPK–i arasında qurulmuş əməkdaşlıq, Uşaq Paralimpiya Komitəsinin yaradılmasının əhəmiyyəti və inkişafı, bu sahədə qeyri-hökumət təşkilatlarının rolu barədə çıxış etmişlər.
Rəsmi çıxışlardan sonra uşaq paralimpiyaçı idmançılar və musiqiçilər nümunəvi idman növləri və musiqi nömrələri ilə çıxış etmişlər.
Festivalda AMPK–nın prezidenti İlqar Rəhimov, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri iştirak etmişlər.
Qeyd edək ki, 2013–cü il 27 sentyabr tarixində dünyada ilk dəfə olaraq AMPK–nın nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmış, ölkəmizdə Uşaq Paralimpiya Hərəkatının yaradılması və inkişafına dəstək olaraq oktyabrın 8–də AMPK və UNİCEF arasında Anlaşma Memorandumu imzalanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.