REGİONLAR
Sumqayıtda rəssam Əyyub Hüseynovun 100 illik yubileyi ilə bağlı sərgi təşkil olunub
Sumqayıt, 16 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Əməkdar İncəsənət Xadimi rəssam Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. Tədbir Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Mədəniyyət və turizm idarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanan təsviri sənətin boyakarlıq bölməsinə aid 20 ədəd əsər nümayiş olunub.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov, şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, Eyyub Hüseynovun oğlu Elnur Hüseynov və tanınmış rəssamlar, incəsənət xadimləri, digər qonaqlar çıxış edərək görkəmli rəssamın yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra qonaqlar rəssamın həyat və yaradıcılığına həsr edilmiş videoçarxı izləyib, sərgidə nümayiş olunan əsərlərinə baxıblar.
Görkəmli rəssam Eyyub Hüseynov daha çox zəhmət və kənd mövzusunda tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib, özünəməxsus bədii xüsusiyyətləri, geniş rəng yaxmaları ilə seçilən üslub nümayiş etdirib. Onun əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrına aid “Şahbuz”, “Yağışdan sonra” əsərləri, habelə “Aşıq Ələsgər” və “Əmək qəhrəmanları” portretləri hazırda müxtəlif muzeylərdə saxlanılır.