REGİONLAR


Sumqayıtda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb VİDEO

A+ A

Sumqayıt, 24 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında Sumqayıtda seçki hüququ üzrə keçirilən ixtisaslaşdırılmış kurslar başa çatıb. Üç gün davam edən kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ixtisaslaşdırılmış kursun son günündə referendum subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri barədə məruzə dinlənilib, referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələrinə dair seminar keçirilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev, media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli kurs iştirakçıları qarşısında çıxış edərək bildiriblər ki, dairə seçki komissiyalarında hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır. Çıxışlarda həm dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin, həm də seçicilərin Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişiklərlə bağlı maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri, referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktik tərəfləri haqqında danışılıb.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda çıxış edən 41 saylı Sumqayıt I seçki dairəsi, 42 saylı Sumqayıt II seçki dairəsi, 43 saylı Sumqayıt III seçki dairəsi, 44 saylı Sumqayıt–Xızı seçki dairəsi dairə seçki komissiyalarının sədrləri seçici siyahıları ilə işin aparılması, referundumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması işləri barədə məlumat veriblər. Bildirilib ki, seçki məntəqələri bütün zəruri avadanlıqlarla təchiz olunub. Şəhər üzrə 38 məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsvermə prosesini online rejimdə izləmək imkanı yaradır. Sumqayıt şəhəri üzrə ümumilikdə 162 min 500 seçici qeydiyyata alınıb, hazırda siyahıların dəqiqləşdirilməsi işləri davam etdirilir.

Kurslarda şəhər hüquq mühafizə orqanlarının nümayəndələri də çıxış ediblər. Onlar referendumun hüquqi aspektlərindən danışıb, ümumxalq səsverməsində iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması haqqında məlumat veriblər. Bildirilib ki, qanunvericilikdə vətəndaşların referendumda iştirak hüququ təsbit edilməklə yanaşı, onların müvafiq hüquqlarının pozulmasına görə məsuliyyət də nəzərdə tutulur.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.