REGİONLAR


Sumqayıtda sənaye məhsulu istehsalı 46,6 faiz artıb VİDEO

Sumqayıt, 25 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

İlin birinci yarısında Sumqayıtda ümumi məhsul istehsalı və xidmətlərin həcmi 776,4 milyon manat və ya 138,6 faiz təşkil edib. Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 faiz artaraq 573,4 milyon manat olub, məhsul istehsalı 182,2 milyon manatdan çox artıb. Ümum məhsul buraxılışının tərkibində qeyri-dövlət sektorunun payı isə 85,0 faizdən çox olub.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Sumqayıt şəhərində cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun hesabat məruzəsində qeyd edilib ki, Sumqayıtda bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 70 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 milyon manat çoxdur. Həmçinin şəhərdə 4116 yeni iş yeri açılıb.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu 9 layihə üzrə 10 milyon manat güzəştli kredit verib, nəticədə 200-dən çox yeni iş yerinin açılması nəzərdə tutulub. Eyni zamanda, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 2,8 hektar ərazidə 936 mənzilin tikintisinə başlanılıb. Şəhərdə 450-yə yaxın binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib, Heydər Əliyev, Nəriman Nərimanov, Azərbaycan prospektlərindəki yaşayış binalarının fasadı aqlay daşla üzlənib. Hazırda mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur. Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün üçmərtəbəli yeni binanın, Sumqayıt bulvarı ərazisində Bayraq Muzeyinin tikintisi davam edir.

Qeyd olunub ki, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin görülməsi istiqamətində şəhərin 3-cü giriş magistral yolu sənaye zonasından keçməklə Bakı-Quba yoluna qədər 4 kilometr uzunluqda yenidən kompleks şəkildə əsaslı təmir olunur, həmçinin Koroğlu küçəsinin əsaslı təmirinə başlanılıb. Əhalinin böyük narazılığına səbəb olan, daim antisanitar vəziyyətdə fəaliyyət göstərən “Şərq bazarı” sahibkar tərəfindən yeni layihə əsasında tikilməsi məqsədi ilə sökülməyə başlanılıb.

Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib. Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən söhbət açılıb, payız-qış fəslinə hazırlıq işləri gündəmə gətirilib. İşdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.