REGİONLAR
Sumqayıtda ümumşəhər kross yarışı
Sumqayıt , 22 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 22-də Sumqayıtda məhəllə və mikrorayonlararası ənənəvi IV kross yarışı keçirilib.
Əsl bayrama çevrilən tədbir şəhər icra hakimiyyətinin təşəbbüsü, gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimi ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərkəzində ucalan abidəsi önündə təşkil edilib.
Şəhər rəhbərliyinin, bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri mərasiminə ümumşəhər kross yarışına qoşulan 300-dən artıq həvəskar idmançı qatılıb.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Həmin anda Sumqayıt səmasını yüzlərlə üçrəngli şar bürüyüb.
Yarışların açılış mərasimində qeyd edilib ki, böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu danılmazdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasətin reallığını ilk gündən düzgün qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev daim gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır.
Vurğulanıb ki, tədbirin əsas məqsədi Azərbaycan gənclərinin sağlam böyüməsi, ölkəmizin layiqli vətəndaşları kimi formalaşmasıdır. Bu baxımdan respublikamızda və şəhərimizdə bədən tərbiyəsi və idmana böyük diqqət yetirilir. Çünki idman təkcə yüksək nəticələr qazanmaq deyil, həm də hər bir xalq üçün ilk növbədə sağlamlıqdır.
Mərasimdə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində qısa müddətdə ölkəmizdə 36 Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi diqqətə çatdırılıb. Bildirilib ki, Sumqayıtda da son illər Azərbaycan Prezidentinin iştirakı ilə böyük bir idman məktəbi, Olimpiya və Paralimpiya Kompleksləri istifadəyə verilib.
Sonra kross yarışlarının startı verilib.
Sumqayıtın mərkəzi küçələri ilə bir necə kilometri qət edən həvəskar idmançılar arasında finiş xəttinə ilk çatan 10 nəfər yarış iştirakçısı mükafatlandırılıb.