REGİONLAR
Sumqayıtda xeyriyyə aksiyası keçirilib
Sumqayıt, 29 aprel, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə keçirilən növbəti tibbi-xeyriyyə aksiyası göz əməliyyatına ehtiyacı olan bir qrup ahıl və imkansız şəhər sakininə sevinc bəxş edib. Aksiya şəhərin müxtəlif mikrorayonlarının ahil və imkansız sakinlərinin katarakta xəstəliyinə görə görmə qabiliyyətləri xeyli zəifləmiş təqaüdçü kimyaçıların “Azərikimya” İstehsalat Birliyinə ünvanladıqları müraciət əsasında həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyatdan bir gün öncə - aprelin 28-də “Azərikimya” İB-nin rəhbərliyi pasientlərlə və əməliyyatlara hazırlıq işlərini həyata keçirən “Kimyaçı” poliklinikasının həkim və tibb personalı ilə görüşüb, əməliyyata hazırlığın vəziyyəti ilə maraqlanıb, ölkə rəhbərliyinin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının təzahürü olan bu aksiyaların vaxtaşırı və təmənnasız olaraq keçiriləcəyini bildirib və xəstələrə şəfa arzulayıb.
Aprelin 29-da isə 6 nəfər Mərkəzi Neftçilər Xəstəxanasının təcrübəli cərrah-oftalmoloqlar tərəfindən əməliyyat olunmuş, bununla da xəstələr onları narahat edən kataraktadan birdəfəlik xilas olunub.
Gün ərzində həyata keçirilmiş əməliyyatların hər biri uğurla başa çatmış, pasientlər lazımi tibbi xidmət göstərildikdən xüsusi müşayiətlə evlərinə yola salınıb.
Əməliyyat olunan xəstələrin doğmaları göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Səhiyyə Nazirliyinə və SOCAR rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.