CƏMİYYƏT
Sumqayıtda yerləşən MMC-lərin birinin seyfindən külli miqdarda pul oğurlayanlar tutulublar VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Mülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfdən 52 min 319 ABŞ dolları, 2652 manat və 930 avro oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.
Məlumat daxil olan kimi DİN Baş Cinayət Axtarış İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib. Yüksək peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin şəhər sakinləri əvvəllər məhkum olunmuş Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov tərəfindən törədilməsi müəyyənləşdirilib. Görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar.
MMC-dəki seyfdə külli miqdarda pul olması barədə dəstə üzvlərinə həmin obyektin yaxınlığında yaşayan A.Cavadov məlumat verib. Həmin iki nəfəri öz avtomobili ilə obyektin yaxınlığına gətirən A.Cavadov onlara oğurluq edəcəkləri ofisə haradan daxil olmaları barədə də məlumat verib.
Araşdırma zamanı məlum olub ki, Q.Əliyev və R.İbrahimov obyektə üzlərində maska, əllərində əlcəklə daxil olublar. Onlar mühasibin otağındakı seyfin qıfılını özləri ilə gətirdikləri xüsusi alətlərlə qıraraq qeyd edilən miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıblar.
Dəstə üzvləri MMC-dən oğurluq edərkən obyektin təhlükəsizlik kameralarının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar. Onların yaxınlığındakı su kanalına atdıqları yaddaş blokunun da yeri müəyyən edilib və tapılaraq maddi sübut kimi götürülüb.
Dəstə üzvlərindən A.Cavadov və Q.Əliyevin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb. Həmin şəxslərin Yasamal rayonu ərazisində yerləşən iki ofisdən ümumilikdə 5691 ABŞ dolları, 4000 avro, 3850 manat pul və noutbuk oğurladıqları da məlum olub.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.