REGİONLAR


Sumqayıtda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib VİDEO

A+ A

Sumqayıt, 9 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sentyabrın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətində builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov görüşdə tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynləri təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil işçiləri üçün hər cür şərait yaradılır. Həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında şəhərin pedaqoji kollektivi də yaxından iştirak edir.

Z.Fərəcov gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib.

Qeyd olunub ki, ötən dərs ilini əla qiymətlərlə başa vuran şagirdlərin sayı əvvəlki illə müqayisədə artaraq 9879 nəfərə çatıb. Beş məzun qızıl medala layiq görülüb. Şəhər üzrə keyfiyyət göstəricisi 62,7 faiz olub ki, bu da əvvəlki dərs ilinə nisbətən 2 faiz çoxdur.

Məzunların 61 faizi tələbə adını qazanıb bilib. Bu, əvvəlki ilin nəticəsindən yüksəkdir. Təbiət Elmləri Təmayüllü Gimnaziya 100 faiz, Texniki Təmayüllü Elmlər Liseyi 95,7 faiz, “İstedad” və “Təfəkkür” liseylərində 90 faizdən çox məzun tələbə adını qazanıb. Şəhərin 11 nömrəli məktəbinin məzunlarından 82 faizi ali məktəblərə qəbul olub, 1, 4, 9, 21 və 27 nömrəli məktəblər də ilk onluqda yer alıblar. Sumqayıt məzunlarının hər 6 nəfərdən biri 500-dən, hər 15 nəfərdən biri isə 600-dən yuxarı bal toplayıb. 138 məzunun göstəricisi 600 baldan, 44 məzunun göstəricisi isə 650 baldan yuxarı olub.

Sonra 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlara qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Ali məktəblərə yüksək balla qəbul olan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.

Valideynlər və müəllimlər təhsilin inkişafına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.