REGİONLAR


Sumqayıtda yunan-Roma güləşi üzrə II ənənəvi Respublika turnirinin qalibləri mükafatlandırılıb

Sumqayıt, 11 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, SSRİ-nin Əməkdar Məşqçisi Vaqif Əliyevin xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə II ənənəvi Respublika turnirinin qalibləri mükafatlandırılıb. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışda 2003-2005-ci il təvəllüdlü yeniyetmələr iştirak edib.

Baş İdarədən AZƏRTAC–a bildirilib ki, turnirdə Sumqayıt, Bakı, Gəncə, Şirvan, Abşeron, Lənkəran, Göyçay, Qubadlı, Qusar, Quba, Kürdəmir, Zəngilan, Beyləqan, Xızı, Qobu, Goranboy, Sabirabad şəhər və rayonlarından, ümumilikdə, 298 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Firdovsi Ömərov və Məmməd Eyvazov, Əməkdar Məşqçi Qərib Əliyev yarış iştirakçılarını və qonaqları salamlayaraq, Vaqif Əliyevin yunan-Roma güləşinin şəhərdə təbliği və inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, V.Əliyev dünya və Avropa yarışlarında yüksək nəticələr əldə etməklə yanaşı, onlarla idmançının üzə çıxarılmasında və yetişdirilməsində də xüsusi rol oynayıb. Hazırda bu şərəfli iş onun yetirmələri tərəfindən layiqincə davam etdirilir. Ölkədə bədən tərbiyəsi və idmanın, xüsusi ilə yunan-Roma güləşinin inkişafındakı xidmətləri nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən fəxri ada layiq görülüb.

Vaqif Əliyevin oğlu Məmməd Əliyev atasının xatirəsinə həsr edilmiş turnirin keçirilməsinə yaxından kömək göstərdiyinə görə şəhər rəhbərliyinə ailə üzvləri adından minnətdarlığını bildirib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Əli Sucayev (23 kq, Sumqayıt), Hüseyn Əlizadə (26 kq, Sabirabad), Rəvan Həsənzadə (29 kq, Bakı-Məhsul), Elvin İbadov (32 kq, Sumqayıt), Emil Əliyev (35 kq, Goranboy), Rəşad Həsənli (38 kq, Bakı-Məhsul), Seymur Novruzov (42 kq, Zəngilan), Nihad İsmayılov (47 kq, Bakı-Məhsul), Xanəhməd Zeynalov (53 kq, Abşeron), Ceyhun Hüseynov (59 kq, Bakı-Lokomotiv), Əli Əlizadə (66 kq, Gəncə) və İbrahim Mehrəliyev (+66 kq, Sumqayıt) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirin qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.