REGİONLAR
Sumqayıtın Yeni il libası
Sumqayıt, 22 dekabr, Azə rTAc
Sumqayıt şəhəri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili yüksək əhval-ruhiyyədə qarşılayır. Şəhərin mərkəzi küçələri və istirahət parkları bayramsayağı bəzədilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ənənəyə uyğun olaraq şəhərin ən hündür yolkası Bayraq Meydanında quraşdırılıb. Ümumiyyətlə, Sumqayıtın Yeni il libası şəhərin gecələrini daha da füsunkar edib. Ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binası xüsusi işıqlandırma sistemi ilə bəzədilib. Sülh küçəsi boyunca Şaxta baba və Qar qız sakinlərə Yeni il müjdəsini çatdırırlar. Şəhərin girişində isə sakinləri və qonaqları 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının talismanları - Ceyran və Nar qarşılayır.
Sumqayıtlılar yola salmağa hazırlaşdıqları 2014-cü ildə bir sıra nailiyyətlərin şahidi olublar. Şəhərdə abadlıq və quruculuq işləri geniş vüsət alıb. Yeni nümunəvi məhəllələr salınıb. Artıq mərkəzi küçələrlə yanaşı, şəhərin Zeynalabdin Tağıyev və Corat qəsəbələrində də böyük abadlıq işləri aparılır, mikrorayonların siması dəyişir. Başa çatmaqda olan ilin yadda qalan hadisələri sırasında Sumqayıta şəhər statusunun verilməsinin 65 illiyinin təntənə ilə qeyd edilməsini göstərmək olar.
Bir sözlə, sumqayıtlılar 2014-cü ili böyük uğurlarla yola salır, 2015-ci ili yeni arzularla qarşılayırlar.