REGİONLAR
Sumqayıtın əsas giriş yolu yeni görkəmdə
Bakı, 28 iyun, AZƏRTAC
Sumqayıt şəhərində abadlıq-quruculuq işləri davam edir. Hazırda şəhərin girişində avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, altı zolaqlı olacağı planlaşdırılan yolun genişləndirilməsi ilə paralel Sülh küçəsinin abadlaşdırılması işləri də aparılır. Yolun sağ və sol istiqamətində parkın salınması, istinad divarlarının çəkilməsi, müasir işıq dirəklərinin quraşdırılması və eləcə də yaşıllaşdırma işləri həyata keçirilir. Şəhərdə ilk dəfə olaraq Sülh küçəsinə polimer asfalt örtüyü vurulur. Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Yolda su-kanalizasiya, həmçinin kommunikasiya xətləri də çəkilir.