CƏMİYYƏT
Sumqayıtın idarə və təşkilatlarında rəhbər vəzifələrdə əsasən gənclərə üstünlük veriləcək
Sumqayıt, 3 oktyabr, AZƏRTAC
Sumqayıt şəhər rəhbərliyi Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədzadə Birliyin 650-yə yaxın üzvünün iştirak etdiyi tədbirdə Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, ölkənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. E.Məmmədzadə gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə çıxışında rəhbərlik etdiyi şəhərin problemlərinə toxunub. Z.Fərəcov şəhərin abadlaşdırılacağını və gənclərin təhsilinə diqqətin artırılacağını vurğulayıb. İcra hakimiyyətinin başçısı Sumqayıtın simasının dəyişəcəyindən və bu istiqamətdə aparılacaq tədbirlərdən də söz açıb. O, Sumqayıtın idarə və təşkilatlarında rəhbər vəzifələrdə sumqayıtlılara, əsasən də gənclərə üstünlük veriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin fəalları Elvin Dadaşov, Gülbacı Məmmədova, Günel Qiyasova, Şənlik Əliyev və digərləri ölkədə həyata keçirilən gənclər siyasətindən, eləcə də dövlətin gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirdə Sumqayıt şəhərinin ictimai-siyasi həyatında fəal iştirakına görə 80 nəfər gəncə fəxri fərmanlar təqdim edilib.