REGİONLAR
Sumqayıtın istilik təchizatı təsərrüfatı payız-qış mövsümünə hazırlaşır
Bakı, 13 iyul, AZƏRTAC
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Sumqayıt şəhərinin istilik təchizatı ilə bağlı lazımi tədbirlərin görülməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, yaşayış və ictimai binaların istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Şəhərin 18-ci mikrorayonunda mənzillərin və ictimai binaların etibarlı və keyfiyyətli istilik təchizatı ilə təmin edilməsi üçün yeni qazanxananın tikintisinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.
Sumqayıt Şəhər İstilik Təsərrüfatı İdarəsinin müdiri Aftandil Nuriyev bildirib ki, şəhərin istiliklə təmin edilməsi üçün 23 qazanxana fəaliyyət göstərir: “Sumqayıtın 18-ci mikrorayonunda 44 yaşayış binası, 4 bağça və 2 məktəb var. Yeni tikilməkdə olan qazanxana isə 18-ci mikrorayonun ikinci hissəsi, yəni 24 yaşayış binası və bir bağça üçün tikilir. Bu qazanxana inşa olunduqdan sonra şəhərdə fəaliyyət göstərən qazanxanaların sayı 24-ə çatacaq. Bundan əlavə, şəhərimizin bir neçə mikrorayonunda da qazanxanaların tikintisi nəzərdə tutulub".
Bununla yanaşı, şəhərdə yeni istilik təchizatı mənbələri də yaradılacaq. Eyni zamanda, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Şəhərin 17-ci mikrorayon ərazisində yerləşən qazanxana qış mövsümünə tam hazır vəziyyətə gətirilib. Sözügedən mikrorayon ərazisində qazanxana 1102 ailəni, 1 bağça və 2 məktəbi istiliklə təmin edəcək.
Birləşmiş məhəllələr olan 7, 8 , 12 və eləcə də 1-ci məhəllənin istiliklə təmin edilməsi üçün də mövcud qazanxanada hazırlıq işləri görülüb. Payız-qış mövsümündə ərazidəki 49 yaşayış binası, 3 uşaq bağçası və 3 ümumtəhsil məktəbi istiliklə təmin olunacaq.
Sumqayıt şəhər 1 saylı doğum evi, 5 saylı uşaq poliklinikası və Vərəm Dispanserini istiliklə təmin edən qazanxana da əsaslı şəkildə yenidən qurulub.