REGİONLAR
Sumqayıtın media məkanında 5 il
Sumqayıt, 3 iyul, AZƏRTAC
Sumqayıtın xeberle.com portalının fəaliyyətə başlamasından 5 il ötür. Üç sumqayıtlı gənc jurnalist - Ramil Zeynallı, Elnur Ağayev və Kamal Almuradlının 2012-ci ildə birgə yaratdıqları bu xəbər portalı qısa müddətdə populyar regional informasiya mənbəyi kimi özünü təsdiqləyə bilib.
Bu əlamətdar gün münasibətilə Sumqayıtda yubiley tədbiri keçirilib. Mərasimdə respublikanın tanınmış ziyalıları, ictimaiyyət, mədəniyyət, incəsənət və KİV nümayəndələri, QHT rəhbərləri, habelə fəal gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə portalın yaranma tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, əsas məqsədi Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-mədəni həyatında baş verən hadisə və yenilikləri, aktual problemləri təqdim etməkdən ibarət olan portal ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlərə də mütəmadi yer ayırır. Gündəlik xəbər yayımı ilə bərabər, müxtəlif video və fotoreportajlar, araşdırmalar, müsahibələr, sosioloji rəy sorğuları, siyasətdən şou-biznesə, idmandan texnologiyalara qədər istənilən mövzuda materiallar təqdim edir.
Sonra təsisçilər öz işlərindən və məqsədlərindən, tərəfdaşlarından, həmçinin yeni ideyalarından və perspektivlərdən söz açıblar.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, “Exo Sumgaita” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Eyruz Məmmədov və digər natiqlər saytın kollektivini təbrik edərək, xeberle.com-un Sumqayıt media məkanında xidmətlərindən və rolundan danışıb, portalın kollektivinə yeni uğurlar arzulayıblar.
Daha sonra saytın təsisçiləri “Portal ilə ən fəal əməkdaşlıq edən dövlət təşkilatı” və “Portal ilə ən fəal əməkdaşlıq edən sumqayıtlı jurnalist” diplomlarını təqdim ediblər.
Tədbir musiqili proqramla davam edib.