REGİONLAR


Sumqayıtlı gənclər dini radikalizmə qarşı mübarizə yollarını müzakirə ediblər

A+ A

Sumqayıt, 8 oktyabr, AZƏRTAC 

Sumqayıtdakı Tarix Muzeyində “Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə Tədbirlər Planına uyğun olaraq, şəhərin fəal gənclərinin iştirakı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi gənclər arasında milli mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizədir.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə işə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” filmi nümayiş olunub.

Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dilşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, dini işlərin təşkilatçısı Fərman Kazımov, Sumqayıt şəhər Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov, 13 saylı məktəbin tarix müəllimi Rəşad Qocayev çıxış edərək, ölkədə mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılması istiqamətində görülən işlərdən, xalqımızın multikultural dəyərlərə sadiqlik nümayiş etdirməsindən, dünyəvi və demokratik dövlət olaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından ətraflı danışıblar.

Bir sıra radikal dini cərəyanların dini dəyərləri siyasiləşdirməsindən, onların bəzi hallarda dövlətçiliyə qarşı yönəlmiş məqsədyönlü niyyətlərindən təəssüf hissi keçirdiklərini qeyd edən natiqlər birmənalı olaraq bildiriblər ki, Azərbaycanın milli təhlükəsizliyinə yönəlmiş istənilən hərəkətin, dövlətçiliyə qarşı təhdidlərin qarşısı xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaq.

Çıxışlarda gənclərin radikal mövqe tutan qüvvələrin təsirinə düşməyəcəyinə, əksinə azərbaycançılıq ideyalarının, milli mənəvi və dini dəyərlərin qorunub saxlanmasında mübarizlik nümayiş etdirəcəklərinə əminlik ifadə olunub.

Konfransın sonunda gəncləri maraqlandıran suallara aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.