REGİONLAR
Sumqayıtlı gənclər hərbi hissədə təşkil olunan bayram tədbirinə qatılıblar
Sumqayıt, 26 iyun, AZƏRTAC
Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Qələbəyə aparan Yol” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü ildə ölkədə atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu istiqamətində böyük işlər görülüb. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlətimizin etibarlı müdafiəsi tam təmin olunub.
Digər çıxışlarda da Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, ötən ilin aprelində Ordumuzun göstərdiyi şücaətdən ətraflı bəhs edilib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Sonda hərbi hissəyə Baş İdarənin bayram hədiyyələri təqdim edilib.