MƏDƏNİYYƏT
Sumqayıtlı yazıçının yubileyi qeyd olunub
Sumqayıt, 26 noyabr, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin konfrans zalında Sumqayıt Dövlət Universitetinin müəllimi, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, yazıçının qələm və peşə dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açaraq yubilyarı kimyaçılar adından təbrik edib.
Qeyd olunub ki, 50 illik zəngin yaradıcılıq yolu keçən Əvəz Mahmud Lələdağın yaradıcılığının əsas qayəsini Vətənə, el-obaya tükənməz məhəbbət təşkil edir.
Əməkdar İncəsənət Xadimi Əşrəf Veysəlli yubilyarın oxucunun qəlbinə yol tapan əsərlər yaratdığını, bir sıra maraqlı kitablarının işıq üzü gördüyünü bildirib. Buna misal olaraq onun “El yada düşdü”, “Dağlar marala qaldı”, “Ömür payı”, “Ömürdən qalan izlər”, “Analı dünyam”, “Dağlar, gözləyin məni” və digər kitablarını xatırladıb.
Qeyd olunub ki, Əvəz müəllim, eyni zamanda, Sumqayıtın ictimai, siyasi və mədəni həyatında yaxından iştirakı ilə şəhər sakinlərinin dərin rəğbət və sevgisini qazanıb.
Əvəz Mahmud Lələdağ ona göstərilən diqqətə görə «Azərikimya» İstehsalat Birliyinin kollektivinə dərin minnətdarlığını bildirib.
Sonda yubilyara “Azərikimya” İB tərəfindən qiymətli hədiyyələr təqdim olunub.