DÜNYA
Sunami nəticəsində həlak olan məktəblilərin ailələrinə 13 milyon dollardan çox kompensasiya ödəniləcək
Tokio, 27 oktyabr, AZƏRTAC
Yaponiyanın Senday dairə məhkəməsi ölkənin şimal-şərq hissəsinin yerli özünüidarəetmə orqanlarının 2011-ci ildə sunami nəticəsində həlak olan məktəblilərin ailələrinə kompensasiya ödəməsi barədə qərar qəbul edib.
Məhkəmənin qərarına əsasən, İşinomaki şəhərinin və Miyaqi prefekturasının hakimiyyət orqanları həlak olan məktəblilərin ailələrinə 13 milyon dollardan çox kompensasiya ödəməlidir.
2011-ci ilin martında baş verən güclü zəlzələ nəticəsində yaranan nəhəng sunami dalğaları Miyaqi prefekturasının Okava ibtidai məktəbində 74 şagirdin ölümünə səbəb olmuşdu. Bu, həmin vaxt uşaqların təhsil müəssisəsində ən kütləvi şəkildə həlak olduğu hal kimi qeydə alınmışdı.
Həmin məktəblilərdən 23-nün ailəsi məhkəməyə müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Oktyabrın 26-da hakim Kenci Takamiyanın sədrlik etdiyi Senday dairə məhkəməsinin qəbul etdiyi qərarda bildirilir ki, məktəb rəhbərliyi həmin gün 15:30-da sunami dalğalarının yaxınlaşdığı barədə xəbərdarlıq edə bilərdi. Bu, dalğaların rayon ərazisinə çatmasından 7 dəqiqə əvvələ təsadüf edir.
Hakim bildirib ki, həmin vaxt heç nə müəllimlərə uşaqları təxliyə edərək yaxınlıqdakı təpəyə qaldırmağa mane olmurdu. Məktəblilər həmin təpədə, əsasən dərsdənkənar asudə vaxtlarını keçirirmişlər. Hakim əlavə edib ki, şagirdlərin təpəyə qalxmasına cəmi bir dəqiqə kifayət edərdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio