CƏMİYYƏT
Süni dərinin tətbiqi ağrılı əməliyyatları azaltmağa səbəb olacaq
Bakı, 22 iyun, AZƏRTAC
Koreya alimləri yeni texnologiya əsasında insan dərisinin unikal 3D çap üsulu ilə çapını hazırlayıblar və yeni üsul indiyədək mövcud olanlardan əlli dəfə ucuz başa gəlir. Dərinin yaradılmasında hibrid printerdən istifadə olunur və yeni material insan dərisinə bənzəyir. Mütəxəssislərin dediyinə görə, bu üsul zamanı on dəfə az xammaldan istifadə olunur.
AZƏRTAC xəbər verir ki, yeni üsulun daha bir üstünlüyü əldə olunan dərinin hüceyrə birləşmələrinin təzyiqi olmadan da yetişməsidir. Həmin toxumaların ənənəvi 3D çapı isə ən müasir texnologiyaların köməyi ilə dəriyə hüceyrə strukturunun köçürülməsi imkanı yaradır.
Alimlər nümayiş üçün dəri nümunəsi hazırlayıblar. Material 14 gün ərzində stabillik və elastiklik əldə edib və onun üzərində müxtəlif epidermis qatları izlənilib. Yeni üsulun bərpaedici cərrahiyyənin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcəyi güman olunur. Onun tətbiqi həkimlərin işini sadələşdirməklə yanaşı xəstələri ağrılı əməliyyatlardan xilas etməyə imkan verəcəkdir.