DÜNYA
Süni intellekt bulanıq şəkildəki insanı müəyyənləşdirməyi öyrənib
Bakı, 17 sentyabr, AZƏRTAC
İnternet istifadəçiləri və televiziya tamaşaçıları şəkildə sifətin gizlədilməsi metodu ilə tanışdırlar. Adətən şəkil bulanıq hala salınır və ya piksellərin köməyi ilə gizlədilir. Məsələn, “YouTube” öz istifadəçilərinə belə xidmət təklif edir. Ancaq süni intellekt sahəsində əldə edilmiş nailiyyətlər sifəti gizlədilmiş şəkli dəqiqliklə ilkin formasına qaytarır.
AZƏRTAC “techcult.ru” saytına istinadən xəbər verir ki, bu proqram təminatının yaradıcıları sifəti gizlədilmiş şəkillərdə obyektlərin tanınması üçün kompyuter təlimi metodikasından istifadə ediblər. Mütəxəssislər proqram təminatının hazırlanması prosesində alqoritmə yalnız sifəti deyil, hətta bulanıq mətni ilkin formasına qaytarmağı öyrədiblər.
Alimlər belə nəticələrə nail olmaq üçün surət, söz, sifət və predmetlərdən istifadəyə əsaslanan kompyuter təlimi kursu keçiblər. Proqram surətləri 90 faiz dəqiqliklə tanıdıqdan sonra kompyuterə yeni bulanıq şəkillərdən ibarət bir neçə variant təklif edilib. Şəkillər öz ilkin formasına 80-90 faiz dəqiqliklə bərpa edilib.
Məxfiliyin qorunmasını istəyənlər sistemin əleyhinədirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə həmin proqramdan müşahidə kameralarına düşən cinayətkarların aydın olmayan, bulanıq şəkillərini müəyyənləşdirmək üçün istifadə etməyi düşünürlər.