DÜNYA
Süni intellektdən vergi məsələlərində istifadə ediləcək
Bakı, 17 fevral, AZƏRTAC
“IBM” şirkətinin istehsal etdiyi “Watson” superkompüteri vergi sistemi ilə bağlı müxtəlif əməliyyatları yerinə yetirməyə qadirdir.
AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, artıq süni intellektin insanlara vergi öhdəliklərinə daha dəqiq əməl etməyə imkan yaradacağına ümid bəslənilir.
Son məlumatlara əsasən, “İBM” şirkəti “Watson” kompüterinə ABŞ-ın vergi sistemini “öyrətmək” üçün “H&R Block” adlı vergi məsləhəti şirkəti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq vergi hesablamalarını dəfələrlə sürətli aparmağa, eləcə də ölkənin vergi sistemində daha yüksək dəqiqliyin təmin olunmasına yardım edəcək.
“Watson” superkompüteri böyük məlumat bazalarının emal edilməsi üçün maşın təliminin alqoritmlərindən istifadə edir. Bunun sayəsində lazım olan informasiyanın axtarılması üçün zəruri meyarları yadda saxlamaq və vaxt keçdikcə “təlim almaq” imkanına malikdir.
Bu kompüter sistemindən indiyə qədər “Olli” markalı pilotsuz avtobuslarda və xəstəxana palatalarında istifadə edilib.
Hazırda isə superkompüter istehsalçılarının diqqətini ABŞ-ın Vergi Məcəlləsi cəlb etməyə başlayıb. ABŞ-ın vergilərə dair qanunçuluğu, eləcə də müxtəlif vaxtlarda qanunlara edilmiş dəyişikliklər, əlavələr, normativ-hüquqi aktlar və digər aidiyyəti informasiyalar həcmcə 74.000 səhifədən artıqdır. Bu qədər böyük əhatəli sənədlərdən baş çıxarmaq insan intellekti üçün mümkünsüz görünsə də, sənədlərdəki məlumatları emal etmək “Watson” kompüterinə heç bir əngəl yaratmayacaq.