İQTİSADİYYAT
Süni qıtlıq yaradana qarşı iş qaldırılıb
Bakı, 26 fevral, AZƏRTAC
İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri görülür.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında “Fərid” şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Bundan başqa, istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən olunub. Bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan “Komrad” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.