CƏMİYYƏT
Suraxanı məktəbliləri “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərsdə iştirak ediblər
Bakı, 27 aprel, AZƏRTAC
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında rayon icra hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, açıq dərsdə rayonun 282, 290, 315, 316 və 317 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlar Ulu Öndərin zəngin irsinin, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanan “Millət Atası” filmini izləyiblər.
Açıq dərs dövlət himninin oxunması ilə başlayıb. Açıq dərsdə 290 nömrəli tam orta məktəbin müəllimi Loğman Hüseynov “Heydər Əliyev və təhsil”, 317 nömrəli tam orta məktəbin müəllimi Elçin Həsənov “Heydər Əliyev və dövlət quruculuğu”, 316 nömrəli tam orta məktəbin müəllimi Vüsal Babayev “Heydər Əliyevin və Azərbaycan mədəniyyəti”, 315 nömrəli tam orta məktəbin müəllimi Gülnar Məhərrəmova “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur”, 282 nömrəli tam orta məktəbin müəllimi Aynur Əliyeva “Heydər Əliyev və Azərbaycan” mövzularında dərs deyiblər.
Mövzular xüsusi hazırlanan animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılıb.