REGİONLAR
Suraxanı məktəbliləri “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Salyana səfər ediblər VİDEO
Salyan, 18 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakı şəhəri Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin şagirdləri Salyan rayonuna gəliblər. Şagirdlər iki gün ərzində rayonda müxtəlif tədbirlərdə iştirak edəcək, şəhərin görməli yerləri ilə tanış olacaqlar.
AZƏRTAC xəbər verir ki, məktəbliləri rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Tədbir iştirakçıları əvvəlcə Salyan şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Sonra rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov məktəblilərlə görüşüb. Görüşdə “Qardaşlaşmış məktəblər” layihəsi barədə ətraflı məlumat verilib, onun şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Daha sonra suraxanılı məktəblilər şəhər 7 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə “Bilik yarışında” iştirak ediblər.
Şagirdlər günün ikinci yarısında şəhərdəki rels qaynaqlama qatarı, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Cümə məscidi, YAP rayon təşkilatının inzibati binası və Salyan şəhərini Babazənən yaşayış massivinə birləşdirən körpü ilə tanış olublar.
Şam yeməyindən sonra məktəblilər “Kür” otelində musiqili-əyləncəli tədbirdə iştirak ediblər.
“Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları noyabrın 19-da “Salyan-Pambıq” ASC, Olimpiya İdman Kompleksi və Şirvan Milli Parkı ilə tanış olacaqlar.