CƏMİYYƏT
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, açıq dərsdə rayonun 84, 87, 89, 97, 101 və 104 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.
“Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2016-2017-cı tədris ilində ayda bir dəfə keçirilməklə rayonun bütün məktəblərini əhatə edir.
Açıq dərslərə 2017-ci ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən rayon tədbirində yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Növbəti açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə “Millət Atası” filmini izləyiblər.
Açıq dərs zamanı 87 nömrəli tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova, 89 nömrəli tam orta məktəbin müəllimi Nigar Abdinova, 97 nömrəli tam orta məktəbin müəllimi Yeganə Məmmədova, 101 nömrəli tam orta məktəbin müəllimi Kamilə Fərəcova, 104 nömrəli tam orta məktəbin müəllimi Sədaqət Zeynalova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına, xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Ulu öndər Heydər Əliyev taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, milləti, xalqı yolunda istifadə edib. Ulu Öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr edib. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər vəhdət təşkil edib ki, onları bir-birindən ayırmaq mümkün deyil. Bu, bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda isə Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq.
Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın öz müstəqilliyini bərpa etməsindən keçən, tarix üçün bir an qədər çəkən müddətdən sonra geriyə baxanda uğurlu daxili və xarici siyasət yürüdən ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər, eyni zamanda, beynəlxalq aləmdəki mövqeyi aydın görünür. Qısa dövr ərzində ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində əldə olunan müvəffəqiyyətlər bütün dünyanı heyran qoyub. Hazırda Azərbaycanın hər yerində aparılan möhtəşəm quruculuq işləri, mədəniyyət, idman və digər sahələrdəki tərəqqi hər bir azərbaycanlını qürurlandırır, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır.
Heydər Əliyev bütün varlığı ilə Vətəninə, torpağına, xalqına bağlı insan, əsl dövlətçi idi. Ömrü boyu çalışdığı bütün sahələrdə və vəzifələrdə Vətəninin bu günü, gələcəyi barədə düşünüb, konkret, əməli işlər görüb.
Dərsdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, müdrik dövlətçilik siyasəti nəticəsində dinamik inkişaf və modernləşmə dövrünü yaşayan müasir Azərbaycan yaradılan möhkəm təməl üzərində iqtisadi qüdrətini davamlı artıraraq regionun lider dövlətinə çevrilib, dünya birliyində layiqli yerini tutub, etibarlı tərəfdaş kimi tanınıb.
Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilib.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Açıq dərs xüsusi hazırlanan animasiya, foto və video materiallardan istifadə etməklə tədris olunub.