ELM VƏ TƏHSİL
Suraxanı rayonu Heydər Əliyev mərkəzində “Əmircan (Xilə) şəcərələri” kitabının təqdimatı olmuşdur
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Fəridə Bünyatovanın “Əmircan (Xilə) şəcərələri” adlı kitabının təqdimatı olmuşdur.
Təqdimat mərasimində Bakı şəhərinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Daha sonra Mərkəzin elektron lektoriya zalında tədbir davam etdirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Barxudar Barxudarov Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında məlumat vermişdir. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunmasında elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünyada tanıdılmasında Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini xüsusi qeyd etmişdir.
Bildirilmişdir ki, Fəridə Bünyatovanın “Əmircan (Xilə) şəcərələri” kitabı çox maraqlı faktlara əsaslanaraq tərtib edilmişdir. Kitab Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin keçmişə, nəsillərə, memarlığa malik Əmircana həsr edilmişdir. Kitabı vərəqlədikcə şahidi oluruq ki, burada qədimdən maraqlı nəsillər, şəxsiyyətlər yaşamışdır. Abbasqulu Ağa Bakıxanov “Gülüstani-irəm” əsərində Əmircanı xanlar, ağalar, bəylər kəndi, digər mütəfəkkirlər 19-cu əsrin axırı, 20-ci əsrin əvvələrində Əmircanı neft ustaları, xozeynlər kəndi adlandırmışlar.
Kitabla tanışlıq belə deməyə əsas verir ki, Əmircan, eyni zamanda, incəsənəti ilə də maraqlı bir kənddir.
Sonunda “Əmircan (Xilə) şəcərələri” kitabının müəllifi Fəridə Bünyatova çıxış edərək təqdimata qatıldıqları üçün tədbir iştirakçılarına təşəkkür etmiş və ünvanına söylənilən xoş sözlərə görə öz minnətdarlığını bildirmişdir.