CƏMİYYƏT
Suraxanı rayonunda Azərbaycan Gəncləri Günü qeyd edilib
Bakı, 30 yanvar, AZƏRTAC
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Suraxanı rayonunda 200-dən çox gənclə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi, xalqımızın Ulu Öndərinin xatirəsini dərin ehtiramla yad edərək Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüblər.
Sonra gənclər Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, ötən ilin sonunadək Mərkəzlə 51 mindən ziyarətçi tanış olub. Mərkəzin elektron kitabxanasının xidmətindən bu günə qədər 14 mindən artıq istifadəçi faydalanıb. Təkcə ötən il burada 24 ümumrayon tədbiri, eləcə də şagirdlər üçün Azərbaycan tarixi ilə bağlı 20 açıq dərs, həmçinin 21 nikah mərasimi keçirilib.
Gənclərlə görüşdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onları əlamətdar gün münasibətilə təbrik edib. İ.Abbasov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənclər sahəsində məqsədyönlü və düşünülmüş siyasət həyata keçirilir. Bu siyasətin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyələri dayanır.
Ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlərdən danışan icra hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, bu baxımdan idmanın inkişaf etdirilməsinin və kütləviliyinin artırılmasının əhəmiyyətini diqqətə çatdırıb. Mötəbər beynəlxalq yarışlarda gənclərimiz tərəfindən Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.
Dövlət gənclər siyasətinin respublikamızın bütün bölgələrində olduğu kimi, Suraxanı rayonunda da uğurla həyata keçirildiyini vurğulayan İ.Abbasov Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” icrası çərçivəsində rayonda “Gənclər evi”nin istifadəyə verildiyini, bütün qəsəbələrdə idman meydançalarının, Yeni Günəşli yaşayış sahəsində Şahmat Məktəbinin tikintisinə başlandığını bildirib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxışlarında ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadığını qeyd ediblər. Vurğulanıb ki, gənclərimiz Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, ölkəmizin sürətli inkişafı naminə səylərini birləşdirərək Prezident İlham Əliyevin etimadını daim doğrultmağa çalışmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə icra hakimiyyəti başçısının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Sonda “Gənclər evi”nin və Qurban Abbasov adına mədəniyyət sarayının bədii kollektivləri konsert proqramı ilə çıxış ediblər.