CƏMİYYƏT


Suraxanı rayonunda dini ekstremizmə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Suraxanı Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə dini ekstremizmə qarşı mübarizə istiqamətində növbəti maarifləndirmə tədbiri keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət ediblər.

Sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, müstəqilliyini yenidən əldə etdikdən sonra respublikamızda vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib. Azərbaycan özünün dünyəvi dövlət olduğunu müstəqilliyin ilk günündən bəyan edib və bu prinsiplərə həmişə sadiq qalıb, bərqərar olunmuş sabitliyin qorunması, vətəndaşlarımızın təhlükəsiz və sağlam cəmiyyətdə yaşaması üçün zəruri tədbirlər görür. Qeyd edilib ki, hazırda qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyətlər üçün bir bəlaya çevrilməkdədir. Bunun qarşısını vaxtında almaq ən vacib məsələlərdən biridir.

Rayon rəhbəri xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. O, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verib.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin baş ictimai təhlükəsizlik idarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühitin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər.

Tədbir iştirakçılarına müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.