CƏMİYYƏT


Suraxanı rayonunda əlillər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar

A+ A

Bakı, 3 dekabr, AZƏRTAC

3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti əmək və müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər üçün “Halal süfrə” restoranında süfrə açıb.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirib ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Hazırda Suraxanı rayonunda 10994 əlil yaşayır. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.

Afət Həsənova vurğulayıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi, onların müalicəsi, reabilitasiyası, sosial təminatı istiqamətində mühüm addımlar atılır. Əlillər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək ən müasir avadanlıqlarla təchiz edib. Bu gün mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev çıxış edərək bildirib ki, Bakıda və bölgələrdə fəaliyyət göstərən 14 bərpa-müalicə müəssisəsində əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlər respublikada əlilliyin artım sürətinin qarşısı alınıb. Son illər Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər Qarabağ əlili və şəhid ailəsi 2018-ci ilədək mərhələlərlə mənzil və ya fərdi yaşayış evləri ilə təmin ediləcək. Suraxanı rayonunda isə mənzil növbəsində dayanan əlillərin sayı 154 nəfərdir.

Çıxış edənlər əlillərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.