CƏMİYYƏT
Suraxanı rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb
Bakı, 1 mart, AZƏRTAC
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Respublika Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan cəsədinin aşkar edilməsi barədə məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. Oradan maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə tapşırılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin mərhumun tanışı, 1985-ci il təvəllüdlü Vəkilov Namiq Cəbrail oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, Qazax rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.