CƏMİYYƏT
Suraxanıda 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının təşəbbüsü ilə Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gənclər bu günümüz, sabahımız, ümidimizdir” adlı tədbirdə Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, icra başçısının müavinləri Rəşad Hacıyev, Etibar Yolçuyev və Afət Həsənova, gənclər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə gənclər Suraxanı rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub, daha sonra Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Sonra tədbir “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Sağlam, bilikli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Azərbaycan əhalisinin 28 faizindən çoxunu gənclərin təşkil etdiyini söyləyən V.Seyidov bildirib ki, Suraxanı rayonunda 68 mindən çox gənc yaşayır.
Vüqar Seyidov ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən bəhs edərək qeyd edib ki, Ümummilli Liderin gənclərə diqqəti nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılıb, 2 fevral tarixi Gənclər Günü kimi təsis edilib. Bu gün ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev bildirib ki, Azərbaycanda gənclərin dövlət tərəfindən ən yüksək diqqət və qayğı ilə əhatə olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumu keçirilib. 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan olunub. Hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyən Rəşad Hacıyev Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla reallaşdırdığını vurğulayıb.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, tarixboyu Azərbaycan öz gəncliyi ilə fəxr edib. Bu gün Azərbaycan gəncliyi öz təşəbbüskarlığı ilə fərqlənir. Ölkəmizdə gənclər üçün bütün imkanlar yaradılıb, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu gün gənclərimiz sosial, siyasi, iqtisadi sahələrdə fəal rol oynayır, bütün proseslərdə yaxından iştirak edirlər.
Digər çıxış edənlər də gəncləri bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti və YAP-ın tarixi ilə bağlı viktorinalar keçirilib və sonda qaliblər mükafatlandırılıb. Həmçinin partiya sıralarına qəbul olan bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.
Sonda bir qrup fəal YAP gəncləri rayon təşkilatının fəxri fərmanları və təşəkkürnamələri ilə təltif olunublar.
Tədbir bədii hissə ilə davam etdirilib.