CƏMİYYƏT
Suraxanıda 1875 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb
Bakı, 26 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə fevral ayının 2-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası Bakının Suraxanı rayonunda da uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tibbi müayinələr qrafik əsasında rayon ərazisindəki 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada təşkil olunub. Ümumilikdə 212300 Suraxanı sakininin və rayonda məskunlaşmış 21858 nəfər məcburi köçkünün tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulub. Fevralın 25-dək rayon üzrə 44 minə yaxın vətəndaş və 43-dən çox kollektivin üzvləri tibbi müayinədən keçib. Müayinələr zamanı 1875 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb və onlardan 98-i stasionar müalicəyə götürülüb.
24 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkimi Azər Məmmədov bildirib ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Qrafikə əsasən sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edir. Xəstəxanada indiyədək 9500 nəfər müayinə olunub. Onlardan 350 nəfərdə xəstəliklər aşkar olunub və 13 nəfər stasionar müalicəyə götürülüb.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli “AB” yaşayış sahəsinin sakini Mehranə Qasımova xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılıq edərək dövlət başçısının bu təşəbbüsünün ancaq alqışa layiq olduğunu bildirib.
Yeni Günəşli “D” yaşayış sahəsinin sakini Aygün Bayramova isə deyib: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Bizə belə şərait yaratdığına görə Prezidentə minnətdarlığımızı bildiririk”.