ELM VƏ TƏHSİL
Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Suraxanı rayonunda Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər ölkəmizdə milli təhsil sisteminin inkişafında həyata keçirilən islahatlardan, əldə olunan nailiyyətlərdən söz açıb.
Bildirilib ki, Azərbaycan təhsili ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Prezident İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq olunub. Dövlətimizin başçısının digər Sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla iki dəfə artırılıb. 2015-2016-cı tədris ili üçün birinci sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilib. Yeni dərs ili üçün bir sıra tədris müəssisələrində təmir və yenidənqurma işləri aparılıb.
Diqqətə çatdırılıb ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Çoxlu məktəb binası inşa olunub və yenidən qurulub. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunub.
İ.Abbasov vurğulayıb ki, Suraxanı rayonunda 2003-2014-cü illər ərzində 5.930 şagird yerlik səkkiz məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədilə 20 məktəb üçün 7.780 şagird yerlik əlavə tədris korpusu tikilib, 14.580 şagird yerlik 21 məktəb binası əsaslı təmir olunub. Hazırda Suraxanı rayonunda yerləşən təhsil müəssisələrində 37.527 şagirdin təlim-tərbiyəsi ilə 3.242 müəllim məşğul olur. Abituriyentlərdən 68 nəfəri 600-dən yuxarı bal toplayıb.
Qeyd edilib ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 279 nömrəli tam orta məktəbin müəlliməsi Ofeliya Musayeva “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev və digər çıxış edənlər təhsilə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda tədbir bədii proqramla davam edib.