ELM VƏ TƏHSİL
Suraxanıda Bilik günü münasibətilə silsilə tədbirlər keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Suraxanı rayonunda fəaliyyət göstərən bütün təhsil müəssisələrində Bilik günü münasibətilə tədbirlər təşkil olunub.
Suraxanı Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildiriblər ki, Əmircan qəsəbəsindəki 114 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən bu təhsil ocağının direktoru Ceyran Novruzova məktəbin kollektivinin yeni tədris ilinə tam hazır olduğunu vurğulayıb. Qeyd edilib ki, 2015-2016-cı dərs ilində məktəbi 121 şagird bitirib, onlardan 64-ü tələbə adını qazanıb. Məzunlardan beşi qəbul imtahanında 600-dən çox bal toplayıb.
Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev diqqətə çatdırıb ki, son 13 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sektorunda da ciddi irəliləyişlər, uğurlar əldə edilib. Bu illərdə yaradılmış baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcək.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilib. Qəbul olunan müxtəlif Dövlət proqramlarının icrası nəticəsində Suraxanıda 2003-2014-cü illərdə 5 min 930 şagird yerlik 8 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədilə 20 məktəb üçün 7 min 780 şagird yerlik əlavə tədris korpusu tikilib, 14 min 580 şagird yerlik 21 məktəb binası isə əsaslı təmir edilib.
Diqqətə çatdırılıb ki, 2015-2016-cı tədris ilində rayon ərazisində yerləşən 34 tam orta məktəbi və Xarici Dillər Təmayüllü gimnaziyanı 2016 şagird bitirib, onlardan 1083-ü tələbə adını qazanıb. Abituriyentlərdən 57-si 600-dən yuxarı bal toplayıb, 650-dən çox bal toplayan məzunların sayı 14 nəfərdir.
Tədbirdə digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.