MƏDƏNİYYƏT
Suraxanıda Gül bayramı
Bakı, 5 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 5-də Suraxanı rayon Heydər Əliyev adına parkda icra hakimiyyətinin təşkilatçılığı ilə Gül bayramına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə parkda Ulu Öndərin abidəsi önünə tər güllər qoyub, xatirəsini ehtiramla yad ediblər.
Parkda təqdim olunan eksponatlar mövzu əlvanlığı və janr müxtəlifliyi ilə diqqəti cəlb edib. Rəngarəng əl işləri, qurudulmuş təbii güllər vasitəsi ilə parça üzərində yaradılan mənzərələr parka gələnləri heyran qoyurdu. Rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə müəssisələrinin nümayəndələri aylardan bəri hazırladıqları işləri parkda nümayiş etdiriblər.
Çıxış edənlər Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində torpaqlarımızın tezliklə azad ediləcəyinə, qaçqın və köçkünlərimizin doğma yurd-yuvalarına geri dönəcəklərinə əminliklərini bildiriblər.
Sonra rayon özfəaliyyət kollektivlərinin ifasında konsert təqdim olunub.
Konsertdə Əmircan, Zığ qəsəbə mədəniyyət evlərinin, S.Bəhlulzadə adına mədəniyyət sarayının, “8 mart” adına mədəniyyət evinin, Hövsan qəsəbə mədəniyyət sarayının və Q.Abbasov adına mədəniyyət sarayının gənc musiqiçiləri və qiraət ustaları çıxış ediblər.